Xəbərlər

Neft sənayesində ekoloji normalara riayət olunması nəzarətdə saxlanılır

18 Noyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2011-ci ilin keçən dövrü ərzində neft sənayesində mütəmadi monitorinqlər aparılmışdır. Bu müddətdə bəzi kənarlaşmalar da müəyyən edilmişdir. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparmışlar.
Araşdırma zamanı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının dənizə axıdılması, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsi müəyyən olunmuşdur. Bununla bağlı “BP” şirkətinə qarşı 2010-cu ildə 593 948 manat, 2011-ci ilin keçən dövrü ərzində 46583 manat məbləğində iddia qaldırılmışdır. 2002-2009-cu illər üzrə isə qaldırılan iddialarla bağlı təbiətə dəymiş ziyanın ödənilməsi üçün şirkətlə müzakirələr aparılır.
“Bahar Enerji” Əməliyyat Şirkətinin fəaliyyət zonasında ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunma vəziyyəti araşdırılmışdır. Karbohidrogen ehtiyatlarının mənimsənilməsində mövcud ətraf mühitin mühafizəsi və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərini pozduğuna görə (su hövzələrini çirkləndirməsi, bərk tullantıları düzgün idarə etməməsi) şirkətə protokol tərtib olunmuş və inzibati qaydada hüququ şəxs qismində 10000 manat məbləğində cərimə edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”, “28 May” və “Abşeronneft” NQÇİ-lərində aparılan araşdırmalar zamanı müəssisələrdən Xəzər dənizinə istehsalat sularının axıdılması və atmosferə zərərli maddələrin atılması faktları aşkar olunaraq akt tərtib olunmuşdur. Ətraf mühitə dəymiş ziyanla bağlı “Azneft” İB-yə 35730 manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Neftçala Operating Company LTD” şirkətinin Neftçala, Xıllı, Durovdağ-Babazanan və Ramanı neft yataqlarında aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuşdur. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 7300 manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə şirkət rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Balaxanıneft” NQÇİ-də ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmış, aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib edilmişdir. Atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 5324 manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“H.Z.Tağıyev” adına NQÇİ-də aparılmış araşdırma zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib edilmiş, atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 6392 manat məbləğində ödəmə tətbiq olunmuş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Qaraçuxur İriləşdirilmiş Neft Mədəni”ndə aparılmış araşdırma zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 4232 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Bibiheybət” NQÇİ-də aparılmış araşdırma zamanı aşkarlanmış çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 3267 manat məbləğində ödəmə tətbiq edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Ə.Əmirov” adına NQÇİ-də aparılmış araşdırma zamanı su mühitinə və atmosfer havasına zərərli maddələrin atılması faktı ilə əlaqədar akt tərtib olunmuş, müəssisəyə 5429 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Suraxanı Oil Operation Company S.A.” şirkətinin neft yatağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuşdur. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 10057 manat məbləğində ödəmə tətbiq edilmiş, çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Siyəzənneft” NQÇİ-də aparılmış araşdırma zamanı aşkarlanmış çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 1008 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Şirvan Operating Company Limited” şirkətində ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunma vəziyyəti araşdırılmış və çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuşdur. Müəssisədən su tutarına axıdılan suların tərkibində neft məhsullarının miqdarına və atmosfer havasına atılan zərərli maddələrə görə şirkətə 12000 manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Binəqədi Oil Operation Company S.A.” şirkətinin Binəqədi neft yataqları blokları yerləşən ərazi və mövcud infrastruktur obyektlərinin vəziyyəti ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Qazma şlamlarının düzgün yerləşdirilməməsi və tullantı sularının tərkibində neft məhsullarının olduğu müəyyən edilərək akt tərtib olunmuş, müəssisəyə 9250 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması üçün rəhbərliyə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Abşeron Operating Company Limited” şirkətində aparılan araşdırma zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, müəssisədən su tutarına axıdılan suların tərkibində neft məhsullarının miqdarının artıq olduğuna görə müəssisəyə 1500 manat məbləğində ödəmə tətbiq edilmişdir. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“AzGerneft” MMC-nin fəaliyyət göstərdiyi Ramanı neft yatağında aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, ətraf su mühitinə atılan zərərli maddələrə görə cəmiyyətə 6250 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
“Qarasu” Əməliyyat Şirkətində aparılan araşdırma zamanı atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə akt tərtib olunmuş, müəssəisəyə 7500 manat məbləğində ödəmə tətbiq edilmişdir. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.