Xəbərlər

Oktyabr ayı ərzində “Qaynar xətt”ə 70 müraciət daxil olub

15 Noyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin oktyabr ayı ərzində ETSN-nin “Qaynar xətt”inə daxil olmuş 70 müraciətlə bağlı Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 12 müraciətlə bağlı araşdırma aparılarkən 4 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüş, 8 müraciət isə öz təsdiqini tapmamışdır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 49 müraciətlə bağlı yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmişdir.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy ilə əlaqədar daxil olmuş 9 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülmüş, 6 müraciət isə öz təsdiqini tapmamışdır.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olmuşdur.