Xəbərlər

“Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda beynəlxalq sərgi və konfrans keçiriləcək

31 Oktyabr 2011, 00:00

2-4 noyabr 2011-ci il tarixlərində Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Bakı Ekspo” sərgi mərkəzində ətraf mühitin mühafizəsinə həsr olunmuş “Xəzər: ətraf mühit üçün texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2011”) keçiriləcək.
Ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbir olan bu sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq.
Sərginin keçirilməsində əsas məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək vermək, habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.
“CTE-2011” beynəlxalq sərgisində 13 ölkədən 75 şirkət və qurum iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin nümayəndələri var. Almaniya və Latviya isə bu sərgidə öz milli qrupları ilə təmsil olunacaq.
Sərgidə şirkətlər və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da iştirak edəcək.
Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək.
Ölkə rəhbərliyi tərəfindən ekologiya ilə bağlı məsələlərə göstərilən daimi diqqət, habelə 2010-cu ilin ölkədə “Ekologiya ili” elan edilməsi ətraf mühitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə güclü təkan verməklə yanaşı, “CTE-2011” sərgisinin keçirilməsini də şərtləndirmiş oldu. Hazırda Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi üzrə ölkə üçün aktual sayılan bütün beynəlxalq konvensiyalara üzvdür və Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində İctimai Ekoloji Şura yaradılmışdır.
“CTE-2011” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.
Qeyd edək ki, “CTE-2011” sərgisi çərçivəsində noyabr ayının 3-də “Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları” mövzusunda konfransın da keçirilməsi nəzərdə tutulub.