Xəbərlər

ETSN-də Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirildi

22 Oktyabr 2011, 00:00

22 oktyabr 2011-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirildi.
Yığıncağı Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov giriş sözü ilə açaraq, müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yarandığını, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra mühüm tədbirlərin uğurla həyata keçirildiyini bildirdi. O, hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi sahəsində tədbirlərin Ümummilli Liderin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd etdi. Bu gün də Ulu Öndərin tövsiyyələri rəhbər tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün bu istiqamətdə görülən işlərin davam etdiyini və bu sahədə qazanılan uğurların Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu qeyd etdi.
Daha sonra YAP Yasamal Rayon Təşkilatının sədri Fikrət İsmayılov Respublikamızın müstəqilliyinin bərpasından ötən iyirmi il ərzində ölkə üzrə əldə olunan uğurlardan danışdı. O, qeyd etdi ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılan YAP yenicə müstəqillik əldə edən ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm işlər görərək çox böyük izlər qoyub.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ərazi İlk Partiya Təşkilatının sədri İsa Əliyevin təşkilatın fəaliyyəti ilə bağlı hesabatı dinlənildi və hesabat yekdilliklə qənaətbəxş hesab edildi.
Yığıncaqda Ərazi İlk Partiya Təşkilatının sədri, doqquz nəfərdən ibarət idarə heyəti və YAP Yasamal Rayon Təşkilatının Konfransına nümayəndələr seçildi.