Xəbərlər

Respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirilmişdir

21 Oktyabr 2011, 00:00

Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar avtonəqliyyat vasitələri ilə atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə təsdiq olunmuş birgə tədbirlər planına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə hər il olduğu kimi 2011-ci ilin avqust ayında da Respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirmişdir.
Tədbirin keçirilməsinin məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olmuşdur.
“Təmiz hava” aylığı çərçivəsində Nazirliyin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birlikdə Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 29 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparmışlar. Yoxlamaya cəlb olunmuş 755 avtomobildən 108-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunmuş, 2 müəssisəyə 4155 manat məbləğində ödəmə tətbiq olunmuşdur. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2976 avtomobildən 168 ədədində atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülmüşdür.
Lənkəran, Astara, Masallı, Lerik və Cəlilabad rayonlarında keçirilən reydlər zamanı yoxlamaya cəlb olunmuş 492 avtomobildən 273-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə Yol Polis İdarəsinin əməkdaşları sürücülər barəsində inzibati qaydada tədbir görmüşlər.
Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 318 avtomobildən 126-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə bu nəqliyyat vasitələrinin sürücülərinə qarşı protokol tərtib olunmuş, inzibati qaydada tədbir görülmüşdür.
Şirvan, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının mərkəzi küçələrində, magistral yollarda keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 203 avtomobildən 89-da atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunmuşlar.
Sumqayıt şəhərində 8 avtonəqliyyat təsərrüfatının balansında olan 397 ədəd benzin mühərrikli avtomobildən 46-sı yoxlamadan keçirilmiş və yoxlanılan maşınların hamısında dəm qazı norma səviyyəsində olmuşdur.
Şəhərin küçə və magistral yollarında keçirilən reydlər zamanı isə yoxlamaya cəlb olunmuş 826 avtomobildən 125-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə sürücülərə qarşı inzibati qaydada tədbir görülmüşdür.
Quba, Qusar və Xaçmaz rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 233 avtomobildən 101-də atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülərə qarşı tədbir görülmüşdür.
Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında fərdi qaydada yoxlamaya cəlb olunmuş 246 avtomobildən 147-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.
İmişli, Saatlı, Beyləqan və Ağcabədi rayonlarının mərkəzi küçələrində, magistral yollarda reydlər keçirilmişdir. Reydlər zamanı yoxlanılan 1117 avtomobildən 30-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
Mingəçevir şəhərində keçirilmiş reydlər zamanı fərdi qaydada yoxlamaya cəlb olunmuş 249 avtomobildən 130-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
Balakən, Zaqatala, Qax, Şəki rayonlarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 1799 avtomobildən 542-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunmuşlar.
Gəncə şəhərinin magistral yollarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 318 avtomobildən 60-nın işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması müəyyən edilmiş və sürücülər polis işçiləri tərəfindən inzibati qaydada cərimə olunmuşlar.
İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində keçirilmiş reydlər zamanı 261 avtomobildən 47-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilmiş və avtomobillərin sürücüləri inzibati qaydada cərimə olunmuşlar.
Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlarında keçirilmiş reydlər zamanı yoxlamaya cəlb olunmuş 157 avtomobildən 91-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunmuşlar.
Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının mərkəzi küçələrində, magistral yollarda keçirilmiş reydlər zamanı yoxlanılan 577 avtomobildən 91-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə YPX-nin əməkdaşları tərəfindən sürücülər barəsində inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.
Aparılan araşdırmaların nəticəsi bir daha göstərmişdir ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir.
Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə, fərdi qaydada yoxlanılan 9772 avtomobildən atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən 2020 avtomobilin sürücüsünün inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilmişdir.
“Təmiz hava” aylığı tədbirinin keçirilməsi ilə əlaqədar vətəndaşlar, fiziki və hüquqi şəxslər maarifləndirilmiş, müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılmışdır.