Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar məktəblərdə “Mavi Xəzərimiz” mövzusunda lektoriyalar keçirilmişdir

27 Sentyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il “Beynəlxalq dəniz həftəsi” ərəfəsində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
“Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə Nazirlik cari ilin 26”“30 sentyabr tarixlərini əhatə etməklə xüsusi tədbirlər planı hazırlayaraq ardıcıllıqla həyata keçirir.
Belə ki, 27 sentyabr 2011-ci il tarixində Bakı şəhəri Binəqədi rayonunun 3, 102, 157 və 276 saylı orta məktəblərində “Mavi Xəzərimiz” mövzusunda lektoriyalar keçirilmişdir.
Lektoriyalarda Nazirliyin mütəxəssisləri iştirak edərək “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar. Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı təbliğat xarakterli video çarxlar nümayiş etdirilmişdir.
Həmçinin, Respublikanın Xəzərsahili (Nabran, Sumqayıt, Neftçala, Lənkəran) şəhər və rayonlarının orta təhsil müəssisələrində də “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə müvafiq tədbirlər keçirilmişdir.