Xəbərlər

Ekoloji Şuranın növbəti iclası keçirilmişdir

16 Sentyabr 2011, 00:00

Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın 16 sentyabr 2011-ci il tarixdə növbəti iclası keçirilmişdir.
İclasda 5 məsələ müzakirəyə çıxarılmışdır.
İclası Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov giriş sözü ilə açdıqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılmışdır.
Şurada müzakirə olunan birinci məsələ - 2-4 noyabr tarixlərində “Baku Expo” mərkəzində “Xəzər: Ətraf mühit üçün texnologiyalar” mövzusunda keçiriləcək ekoloji sərgidə Qeyri Hökumət Təşkilatlarının da iştirakı ilə əlaqədar müzakirələr aparılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlara təşkilati dəstəyin göstəriləcəyi bildirilmiş və bu məqsədlə birgə işçi qrupunun yaradılması qərara alınmışdır.
Müzakirəyə çıxarılmış növbəti məsələ- “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı yekun müzakirələr aparılmış və qanun layihəsində müzakirələr zamanı səsləndirilən fikirlərin layihədə əks olunduğu nəzərə alınmışdır.
Müzakirəyə çıxarılmış üçüncü - “Ölkə ərazisində ekoloji riskli zonalar üzrə ictimaiyyəti cəlb etməklə monitorinqlərin keçirilməsi istiqamətlərinin müzakirəsi məsələsi ilə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova yaradılmış qruplar və bu qrupların birgə fəaliyyətini təmin etmək üçün hazırlanmış qaydalar haqqında iştirakçılara məlumat vermişdir. Məsələ ilə bağlı müzakirələr zamanı monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, ərazi üzrə bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə olunmuşdur.
Şurada müzakirəyə çıxarılmış dördüncü- ETSN-nin İctimai Təşkilatlarla birgə aparacağı “İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji monitorinqlərin keçirilməsi və nəticəyə uyğun əhalinin məlumatlandırılması” üzrə “Qaydalar”ın layihəsi müzakirə edilmişdir.
Şurada müzakirəyə çıxarılmış sonuncu- “Ekoloji ekspertiza haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsi ilə əlaqədar Hüquq şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyev çıxış edərərək Şura üzvlərinə məlumat vermişdir. Qanun layihəsi ilə əlaqədar Şura üzvləri öz fikirlərini söyləmiş, rəy və təkliflərini bildirmişlər. Nazir tərəfindən qanun layihəsinə dair verilmiş təkliflərin təhlil edilməsi tapşırılmışdır.
Sonda QHT nümayəndələri tərəfindən irəli sürülən digər təkliflər də müzakirə edilmiş və şuranın növbəti iclasının gündəliyi müəyyən olunmuşdur.