Xəbərlər

Avqust ayı ərzində “Qaynar xətt”ə 94 müraciət daxil olub

13 Sentyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i  vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin avqust ayı ərzində ETSN-nin “Qaynar xətt”inə 94 müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 16 müraciət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 7 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüşdür. 8 müraciət öz təsdiqini tapmamış, 1 müraciət isə icradadır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 42 müraciətə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmişdir.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması və meşələrin qanunsuz qırılması ilə əlaqədar daxil olmuş 36 müraciətdən 13-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülmüş, 6 müraciət icradadır. 17 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülmüşdür.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olmuşdur.