Xəbərlər

11-ci Beynəlxalq Pestisidlər Forumuna start verildi

07 Sentyabr 2011, 00:00

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə 7 sentyabr 2011-ci il tarixində Qəbələ rayonunun “Qafqaz Riverside” mehmanxanasında Beynəlxalq Pestisidlər Forumu işinə başladı.
Forumu giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov iştirakçılara Azərbaycanda aktual ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, o cümlədən Sovetlər Birliyindən miras qalmış ekoloji problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Nazir, həmçinin, yaxın 8-10 il müddətində Azərbaycanda pestisid problemlərinin həll olunacağına inamını da qeyd etdi.
Daha sonra Beynəlxalq Pestisidlər Assosiasiyasının direktoru Con Vagen, Çexiya Respublikası Ətraf Mühit Nazirliyinin nümayəndəsi İvan Holubek, Beynəlxalq Pestisidlər Assosiasiyasının İdarə Heyətinin üzvü Branko Druzina, Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Andreas Biber, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Canibek Derbişaliyev və digərlərinin çıxışları dinlənildi.
Qeyd edək ki, Forum öz işini 9 sentyabr 2011-ci il tarixinədək davam etdirəcək və tədbirin sonunda Qəbələ Bəyannaməsi qəbul ediləcək.