Xəbərlər

Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu keçiriləcək

03 Sentyabr 2011, 00:00

7-9 sentyabr 2011-ci il tarixlərində Qəbələ şəhərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə 11-ci Beynəlxalq Pestisidlər Forumu keçiriləcək.
Forum artıq 20 ildir ki, dünyanın müxtəlif ölkələrində keçirilərək BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Stokholm Konvensiyasına daxil olan və davamlı xlorüzvi kimyəvi maddələrə aid problemlərin həlli məqsədi ilə dövlət, qeyri-dövlət, elmi tədqiqat, sənaye və s. sahələrin nümayəndələrini, akademik işçiləri bir yerə toplayır.
Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan Forum Qafqaz və Orta Asiya ölkələrinin ətraf mühitdə pestisidlər problemlərinə aid olacaq. Forumda Avropa Parlamentinin rəsmiləri, beynəlxalq elmi-tədqiqat mərkəzlərinin, Avropa və MDB ölkələrinin dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edəcək.
Tədbir çərçivəsində Qəbələ Bəyannaməsinin qəbul ediləcəyi nəzərdə tutulur.