Xəbərlər

Tufandağ zirvəsində quraşdırılmış Avtomat Meteoroloji Stansiyalara baxış keçirilmişdir

24 Avqust 2011, 00:00

12-18 avqust 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin və Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu Şahdağ Milli parkının yüksək dağlıq ərazisində fəaliyyət göstərən Tufandağ və Kabaş Avtomat Meteoroloji Stansiyalarına baxış keçirmişlər.
Ekspedisiya üzvləri stansiyaların fəaliyyətini yoxlamış, tənzimləmə işləri aparmış və stansiyaları qış mövsümünə hazır vəziyyətə gətirmişlər. Görülən işlər nəticəsində hər iki stansiyadan hava haqqında məlumatlar Milli Hidrometeorologiya Departamentinə müntəzəm ötürülür.
Xatırladaq ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə təqribən 3000 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Üçüncü stansiya isə 17 avqust 2010-cu il tarixində Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmışdır. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur.