Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Noyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 80-120, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 147 m3/s, ongünlük normanın 84 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 132 m3/s və ongünlük normanın 75 faizini təşkil etmişdir.

Noyabrın 18-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 83 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 73 m3/s təşkil etmiş və ongünlük normanın 86 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 10, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Şirvanda isə 3 sm azalma qeydə alınmışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 sm (2012-ci il noyabrın 18-də 423 sm), Şirvanda 173 sm (2012-ci il noyabrın 18-də 308 sm ), Salyanda 150 sm (2012-ci il noyabrın 18-də 251 sm ), Bankədə 199 sm (2012-ci il noyabrın 18-də 236 sm), Araz çayının Novruzlu məntəqəsində isə 82 sm (2012-ci il noyabrın 18-də 167 sm) təşkil edir.