Xəbərlər

2011-ci ilin 6 ayı ərzində meşələrin artırılması, bərpası və mühafizəsi sahəsində görülən işlər

14 İyul 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən 2011-ci ilin 6 ayı ərzində 1330 hektar plan-proqnoza qarşı 1335 hektar sahədə meşə əkini və səpini işləri həyata keçirilmişdir. Meşə əkinlərinin becərilməsi məqsədilə 15893 hektar sahədə xidmət, 13636 hektar sahədə isə suvarma işləri aparılmışdır. 5429 kiloqram plan-proqnoza qarşı 14284 kiloqram toxum tədarük edilmişdir.
Həmçinin, tabeli qurumların tinglik sahələrinin səpin şöbələrində 49,34 hektar sahədə toxum səpilmiş, böyütmə şöbələrində 38,98 hektar sahədə 1495 min ədəd toxmacar, kökləndirmə şöbələrində isə 22 hektar sahədə 1089 min ədəd çilik basdırılmışdır. Eyni zamanda, 1322 hektar sahədə torpaq hazırlığı işləri aparılmışdır.
6 ay ərzində 77413 manat köküstə nırx dəyərində 10384 m3 həcmində qanunsuz qırıntı aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Hesablanmış 77413 manat ziyanın 41215 manatının (53,2 %) ödənilməsi təmin olunmuşdur.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 26122 manat məbləğində 140 işdən 27-nə baxılaraq 3747 manatın (14,3%) ödənilməsi təmin edilmişdir.
2011-ci ilin müvafiq dövrü ərzində vətəndaşlardan 204 ərizə və şikayət daxil olmuş, onlardan 190 müraciət araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüş, 14 müraciət isə icradadır.
Meşə Mühafizəsi və Bərpası Müəssisələrində aparılmış yoxlamalar zamanı işlərində qanun pozuntusuna yol verdiklərinə görə 46 nəfər meşə mühafizəçisi işdən azad olunmuş, 145 nəfərə töhmət, 55 nəfərə isə şiddətli töhmət verilmişdir.