Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyun ayının III ongünlüyü üçün)

01 İyul 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən 94 m3/san azalaraq 365 m3/san təşkil etmişdir. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, Ağstafaçayda mis birləşmələri 3, fenollar 4, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
İyun ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə mis birləşmələri 4, fenollar 3, Bəhrəmtəpədə fenollar 2, mis birləşmələri isə 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,43-7,69 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.