Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyun ayının I ongünlüyü üçün)

13 İyun 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyun ayının I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 93 m3/san azalaraq 600 m3/san təşkil etmişdir. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində mis birləşmələri 2, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
İyun ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 3 dəfə YVQH-ni keçmiş, fenollar norma daxilində olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,44-10,50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.