Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (may ayının III ongünlüyü üçün)

07 İyun 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
May ayının III ongünlüyündə Kür çayında suyun sərfi may ayının II ongünlüyünə nisbətən 94 m3/san azalaraq 693 m3/san təşkil etmişdir. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində mis birləşmələri 2, fenollar 4, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
May ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Bəhramtəpə və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Horadiz məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,51-9,56 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.