Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Aprel 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 105-120, Quba-Xaçmaz bölgəsi çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Kiçik Qafqazın çaylarında 100-110, Naxçıvan MR çaylarında isə 60-70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 760 m3/san, yəni ongünlük normanın 107 faizini (2010-cu ildə 1030 m3/san olmaqla ongünlük normanın 145 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 172 m3/san, yəni ongünlük normanın 97 faizini (2010-cu ildə 384 m3/san olmaqla ongünlük normanın 216 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər yağan yağışlarla əlaqədar Kür çayında və onun qollarında sululuğun artması nəticəsində Kürün aşağı axınında səviyyənin artımı müşahidə olunmuşdur. Belə ki, son beş gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 87 sm, Şirvanda 86 sm, Salyanda 79 sm, Bankədə 36 sm, Araz çayının Novruzlu məntəqəsində isə 105 sm artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 710 sm (2010-cu il 29 apreldə 832 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 610 sm (2010-cu il 29 apreldə 737 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 365 sm (2010-cu il 29 apreldə 459 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 521 sm (2010-cu il 29 apreldə 751 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 430 sm (2010-cu il 29 apreldə 602 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.