Xəbərlər

“INEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilmişdir

06 Aprel 2011, 00:00

06 aprel 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda keçirilən ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) bir qrup iştirakçısı ilə görüş keçirmişdir.
Görüşdə Əfqanıstan, Litva, Makedoniya, Polşa və Taylanddan gəlmiş müəllim və şagirdlər iştirak etmişlər.
Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov olimpiada iştirakçılarını salamlayaraq ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş beynəlxalq layihə olimpiadasının 2007-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirdiyini bildirmişdir.
Nazir tədbir iştirakçılarına Azərbaycanın tarixi, ekoloji problemlərin həlli istiqamətində ardıcıl və səmərəli tədbirlərin həyata keçirilməsi, ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması, çirklənmiş torpaqların təmizlənməsi və digər görülmüş işlər barədə məlumat vermişdir.
Görüşdə iştirak edən olimpiada iştirakçıları isə Bakı şəhərinin onlarda xoş təəssüratlar yaratdığını, burada olduqlarından məmnunluq hissi keçirdiklərini bildirmiş və ətraf mühitin mühafizəsi ilə bağlı olimpiadaya təqdim etdikləri layihələr barədə danışmışlar.
Sonda Nazir olimpiada iştirakçılarına uğurlar arzulamış və görüş iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.