Xəbərlər

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir

26 Mart 2011, 00:00

11-19 mart 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Samux Ovçuluq Təsərrüfatı ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Ziyabil Sarıyev saxlanılmış və ondan 1 ədəd ov tüfəngi və 1 patron götürülmüşdür. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşdur.
Qax rayonu Cəlayir kəndinin “Qovra” adlanan sahəsində qanunsuz ovla məşğul olan Qax rayonu Dəymədağ kənd sakini Coşqun Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi götürülmüşdür. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunmuş, inzibati qaydada 1000 manat məbləğində cərimə edilmişdir.
Şirvan Milli Parkının ərazisində də qanunsuz ovla məşğul olan Salyan rayon Yenimuğan kənd sakini Siyasət Əkbərov saxlanılmışdır. Ondan 1 ov tüfəngi, 17 patron və 1 patrondaş götürülmüşdür. Həmin şəxs barəsində akt və protokol tərtib edilmiş və 1000 manat məbləğində cərimə olunmuşdur.