Xəbərlər

Yaz əkin kampaniyası ilə əlaqədər müşavirə keçirilmişdir

18 Mart 2011, 00:00

17 mart 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkin kampaniyasının gedişatı ilə əlaqədər geniş müşavirə keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 mart 2011-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə yaxın illərdə paytaxt və ətraf qəsəbələrdə abadlıq və yaşıllaşdırma tədbirlərinin miqyasının əsaslı şəkildə artırılması,
şəhərətrafı ərazilərdə meşə zolaqlarının salınması barədə tapşırıqlarının icrası istiqamətində Nazirliyin aidiyyəti struktur bölmələrinin qarşısında duran vəzifələr müəyyənləşdirildi və əməli fəaliyyətə başlanılması barədə göstərişlər verildi.
Yaz mövsümü ilə əlaqədər Nazirlik tərəfindən istər dağlıq və dağətəyi bölgələrdə, istərsə də düzən ərazilərdə, o cümlədən Bakı və Bakı ətrafı ərazilərdə yeni meşə əkini və yaşıllıqların salınması işlərinə artıq başlanmışdır.
Belə ki, 2011-ci ilin yanvar ayından etibarən Respublikanın regionlarında 393,5 hektar sahədə yeni meşə əkinləri salınmış, 1405 hektar sahədə meşə əkinlərinə xidmət, 1835 hektar sahədə isə suvarma işləri aparılmış, 8322 kiloqram əsas meşə əmələ gətirən cinslərdən ibarət toxum tədarük edilmişdir. Bakı və Bakı ətrafı ərazilərdə isə 74,4 hektar sahədə 108 000 ədəd dekorativ ağac və kol bitkisi əkilmişdir.
Nazirliyin tabeli qurumlarının tinglik sahələrdə hazırda 18082 min ədəd müxtəlif çeşiddə əkin materialları mövcuddur. Qeyd edək ki, mövcud əkin materialları nəinki yeni meşə əkinlərinin salınmasına, həmçinin Bakı və Bakı ətrafı ərazilərin yaşıllaşdırılmasına olan təlabatı tam şəkildə təmin edəcəkdir.
Müşavirədə cari il ərzində Respublika ərazisində 10,5 min hektarda meşəbərpa tədbirlərinin aparılması, o cümlədən 3145 hektar sahədə yeni meşə əkinlərinin salınmasının nəzərdə tutulduğu qeyd olunmuşdur. Eyni zamanda, Bakı və Bakı ətrafı ərazilərdə 1000 hektar sahədə yaşıllıqların salınması, 500 000 paqonmetr uzunluğunda suvarma xətlərinin çəkilməsi və həmin əraziyə 1 milyondan çox ağacın əkilməsinin də proqnozlaşdırıldığı bildirilmişdir.
Artıq Respublikanın bütün bölgələrində yaz mövsümü ilə əlaqədər meşəsalma işlərinə başlanılmış və 800 min ədəddən çox müxtəlif cinsli ağac və kol bitkiləri əkilmişdir.
Hazırda yaz meşəsalma işləri intensiv olaraq davam etdirilir və 15 aprel tarixinədək sona çatdırılması nəzərdə tutulur.