Xəbərlər

Qanunsuz ağac kəsintisi ilə bağlı şikayət yerində araşdırılmışdır

17 Mart 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Zərdab şəhər sakini Əlayib Həsənov tərəfindən Zərdab şəhəri Heydər Əliyev prospektində şam ağaclarının qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Araşdırma zamanı Zərdab şəhəri Heydər Əliyev prospektində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar yaşıllıq zolağında olan şam ağaclarının kəsildiyi məlum olmuşdur.
Faktla bağlı protokol tərtib edilərək Kommunal Müəssisələri Kombinatının direktoru Abuzər Mikayılov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunmuş, ərazidə qanunsuz kəsilən ağacların sayından 10 dəfə çox yeni ağacların əkilməsi üçün Kommunal Müəssisələri Kombinatına bir ay müddətinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.
Məcburi göstərişin icrası olaraq artıq ərazidə yaşıllaşdırma işləri həyata keçirilir və ağacların əkilməsi Nazirlik tərəfindən nəzarətdə saxlanılır.