Xəbərlər

Şikayət məktubu yerində araşdırılmışdır

15 Mart 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Astara rayonu Şümrüd kənd sakini Seyfulla Əhədov tərəfindən Hirkan Milli Parkının Təngərüd meşəbəyliyinin 06 saylı dolayının ərazisində qanunsuz olaraq ağacların qırılması və 0,5 hektar torpaq sahəsinin Məhərrəməli Xudaquliyev tərəfindən qanunsuz zəbt edilərək fərdi yaşayış sahəsinin tikilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Araşdırma zamanı Hirkan Milli Parkının Təngərüd meşəbəyliyinin 06 saylı dolayının 60-cı kvartalında diametri 12-24 sm olan 8 ədəd vələs ağacının, 4 ədəd vələs ağacının isə bir neçə budağının kəsildiyi, həmçinin diametri 48 sm olan və kökündən yıxılmış 1 ədəd fısdıq ağacının doğranaraq aparıldığı müəyyən edilmişdir. Həmçinin, sözügedən ərazidə iribuynuzlu mal-qaranın sahibsiz olaraq otladığı da aşkar olunmuşdur.
Bundan başqa, Hirkan Milli Parkının Təngərüd meşəbəyliyinin 03 saylı dolayının ərazisində də araşdırma aparılmış və 4 ədəd kökündən yıxılmış quru odunluq ağacların doğranaraq aparıldığı, eyni zamanda ərazidə xırdabuynuzlu mal-qaranın sahibsiz olaraq otladığı müəyyən edilmişdir.
Hər iki faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən müvafiq sənədlər tərtib edilmiş və cavabdeh mühafizə yegerləri -İltifat Qasımov və Vidadi Lələyev barəsində inzibati tənbeh tədbirləri görülmüş, təbiətə dəymiş ziyan isə ödətdirilmişdir.
Həmçinin, şikayət məktubunda qeyd olunan digər faktla- Hirkan Milli Parkının Təngərüd meşəbəyliyinin ərazisində 0,5 hektar torpaq sahəsinin qanunsuz zəbt edilərək fərdi yaşayış sahəsinin tikilməsi ilə bağlı Milli Parkın rəhbərliyi tərəfindən iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət olunmuşdur (həmin fərdi yaşayış evi Hirkan Milli Parkı yaradılmamışdan öncə inşa edilmişdir).
Məhkəmə tərəfindən 2010-cu il 18 noyabr tarixində qəbul edilmiş qətnamənin icrası olaraq M.Xudaquliyevə məxsus həyətin hasarları sökülərək, zəbt olunmuş 0,5 hektar torpaq sahəsi ondan geri alınmışdır.