Xəbərlər

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində reydlər davam edir

07 Mart 2011, 00:00

28 fevral-2 mart 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Zaqatala Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qoruğun Katex sahəsinin 1 saylı dolayının ərazisində qanunsuz ovla məşğul olan Balakən rayon Tülü kənd sakinləri Yaşar Padarov, Ramiz Akkubayev, İsrafil Hekəlov və Balakən rayon Talalar kənd sakini Loğman İbrahimov saxlanılmış, onlardan 4 ədəd ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunmuş və məbləğin ödənilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir.
Samux Dövlət Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ovla məşğul olan Şəmkir şəhər sakini Vaqif Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış kəklik götürülmüşdür. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib edilərək tətbiq olunmuş 1000 manat məbləğində cərimənin ödənilməsi təmin edilmişdir.
Balakən rayonu ərazisində keçirilən reyd zamanı Qazma kəndi yaxınlığındakı “Tuğay çölü” adlanan sahədə qanunsuz ovla məşğul olan Balakən rayon Qazma kənd sakinləri Qurban Surxayov, Məhəmməd Əliyev, Sahib Məmmədov və Balakən rayon Tülə kənd sakini Fərman Nəbiyev saxlanılmışdır. Onlardan 4 ədəd ov tüfəngi, 14 ədəd patron götürülərək akt və protokol tərtib edilmiş və həmin şəxslərin hər biri 1000 manat məbləğində cərimə edilmişlər.
Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunmuşdur. Qurğular dağıdılaraq məhv edilmiş, 2 ədəd tor isə götürülərək aktlaşdırılmışdır.