“Qaynar xətt”ə 44 müraciət daxil olub
03 Mart 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (538-04-81) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin yanvar ayı ərzində Nazirliyin “Qaynar xətt”inə 44 müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, yaşıllıqların mühafizəsi ilə əlaqədar 36, havadan gələn kəskin qoxu ilə bağlı 2, məişət tullantılarının qalaqlanması ilə bağlı 3, yerin təkindən istifadə ilə əlaqədar 2, səs-küylə əlaqədar isə 1 müraciət daxil olmuşdur.
Yaşıllıqların mühafizəsi ilə əlaqədar daxil olmuş müraciətlərdən 29-u Nazirliyin əməkdaşları tərəfindən araşdırılmış və qanunamüvafiq tədbirlər görülmüş, 7 müraciət isə öz təsdiqini tapmamışdır.
Havadan gələn kəskin qoxu, məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, səs-küy ilə əlaqədar daxil olmuş 8 müraciət Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülmüşdür.
Əfsuslar olsun ki, daxil olan şikayətlərin əksəriyyəti araşdırılarkən şikayətçilər iştirakdan imtina etmiş və aparılan araşdırma zamanı onların şəxsi-qərəzlik zəminində şikayət etdikləri məlum olmuşdur.
Xatırladaq ki, 2002-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə “Qaynar xətt””“ rabitə əlaqəsi fəaliyyət göstərir.