Xəbərlər

29 ədəd ağacın kəsildiyi müəyyən olunmuşdur

25 Fevral 2011, 00:00

15 fevral 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən aparılan növbəti xidməti araşdırma zamanı Bakı şəhər Nəsimi rayonu Ə.Hüseynov və Ə.Salamzadə küçələrinin kəsişdiyi 1058-ci məhəllədə 29 ədəd ağacın kökündən kəsildiyi müəyyən edilmişdir.
Qeyd edək ki, sözügedən ünvanda “Alyans-NN” MMC şirkəti Bakı şəhər İcra Hakimiyyətinin 28 iyun 2007-ci il tarixli sərəncamına əsasən çoxmərtəbəli yaşayış binasının inşasına başlamışdır. 2008-ci ilin aprel ayında Departamentin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman 29 ədəd ağacın olması müəyyən edilərək akt və məcburi göstərişlə ağacların qorunması və onlara aqrotexniki qulluq göstərilməsi şirkətə tapşırılmışdır.
15 fevral 2011-ci il tarixində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin mütəxəssisləri yenidən sözügedən əraziyə baxış keçirərkən ərazidəki ağacların kökündən kəsildiyini müəyyən etmiş, faktla bağlı akt və protokol tərtib olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin ərazidə tikinti işlərini artıq “Alyans-NN” MMC deyil, “Rise” tikinti şirkəti həyata keçirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələblərini pozduğuna görə “Rise” tikinti şirkəti İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsi ilə 649000 (altı yüz qırx doqquz min) manat, məcburi göstərişə əməl etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 319-cu maddəsi ilə 18000 (on səkkiz min) manat məbləğində cərimə olunmuş, təbiətə dəymiş ziyana görə isə şirkətə 885 (səkkiz yüz səksən beş) manat məbləğində iddia qaldırılmışdır.