Xəbərlər

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir

23 Fevral 2011, 00:00

19-21 fevral 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Oğuz rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən 1 nəfər saxlanılmış və ondan 1 ədəd ov tüfəngi götürülmüşdür. Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Oğuz rayon Polis Şöbəsinə müraciət edilmişdir.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı mühafizə rejimini pozan 2 şəxs saxlanılmış, onlardan 2 ədəd ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülmüş və həmin şəxslər barəsində müvafiq akt və protokollar tərtib olunmuşdur.
Ağzıbir, Sarısu, Mahmudçala və Samux Ovçuluq Təsərrüfatlarında keçirilən reydlər zamanı mühafizə rejimini pozan 5 nəfər saxlanılmış və onlardan, ümumilikdə 5 ədəd ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Fakt üzrə qanunamüvafiq qaydada akt və protokollar tərtib edilmişdir.