Xəbərlər

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir

19 Fevral 2011, 00:00

16-18 fevral 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilmişdir.
Bakı şəhərində keçirilən reydlər zamanı N.Nərimanov rayonu Ə.Əliyev küçəsində Faiq Hacıyev və Nizami rayonu Naxçivaniski küçəsində Azim Namazov tərəfindən ov quşlarının qanunsuz olaraq satışının həyata keçirilməsi faktları aşkar edilmişdir. Qanun pozucularından, ümumilikdə 49 ədəd ov quşu (44 qaşqaldaq, 3 ördək və 2 çöl göyərçini) götürülmüş və yandırılaraq məhv edilmişdir. F.Hacıyev və A.Namazovun hər birinə 200 manat məbləğində cərimə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Biləsuvar rayonu Xıllı kəndi və Hacıqabul rayonu Padar kəndi ərazilərində keçirilən reydlər zamanı isə yol kənarında qanunsuz ov quşlarının satışı aşkar edilmiş və müvafiq qaydada sənədləşdirilmişdir. Nazirliyin əməkdaşları tərəfindən götürülmüş 4 ədəd qaşqaldaq və 3 ədəd bəzgək quşu isə yandırılaraq məhv edilmişdir.
Şabran, Xızı, Siyəzən, Ağsu və Astara rayonları ərazisində keçirilən reydlər zamanı qanunsuz ov edən 17 nəfər saxlanılmış və onlardan 17 ədəd ov tüfəngi götürülmüşdür. Qanun pozucularından götürülmüş 8 ədəd qaşqaldaq və 3 ədəd çirok quşu isə yandırılaraq məhv edilmişdir. Fakt üzrə 10 şəxs barəsində inzibati qaydada hər birinə 1000 manat məbləğində cərimə tətbiq edilmiş, digərlərinin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Ağgöl Milli Parkı, Qızılağac və İlisu Dövlət Təbiət Qoruqları, Qırmızıkənd, Zəvvar və Ağzıbir Ovçuluq Təsərrüfatlarında keçirilən reyd zamanı mühafizə rejimini pozan 8 şəxs saxlanılmış və onlardan, ümumilikdə 10 ədəd ov tüfəngi və 46 ədəd patron aşkar edilərək götürülmüşdür. Fakt üzrə müvafiq qaydalara uyğun olaraq akt və protokollar tərtib edilmişdir.