Xəbərlər

Ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyəti araşdırılır

18 Fevral 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyəti araşdırılmışdır.
05-07 fevral 2011-ci il tarixlərində “Sarı-su” Ovçuluq Təsərrüfatında brakonyerliyə qarşı mübarizə tədbirləri aparılarkən təsərrüfatın sahə müfəttişi Ədalət Mustafayev və mühafizə yegeri Yaqub Abışovun xidməti ərazidə olmamaları və vəzifə borclarını layiqincə icra etməmələri səbəbindən ərazidə qanunsuz ov etmə faktı aşkar olunmuşdur. Qanunsuz ov edən şəxsdən 1 ov tüfəngi və 35 dolu patron götürülərək müvafiq akt və protokol tərtib edilmişdir.
12-13 fevral 2011-ci il tarixlərində isə Şabran rayonunun inzibati ərazisində yerləşən “Ağzıbir” Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı təsərrüfatın həyətində qanunsuz ov edilməsi faktı aşkarlanmış məlum olmuşdur ki, əraziyə cavabdeh olan sahə müfəttişi Teymur Acalov yaranmış vəziyyətin qarşısını almağa nəinki cəhd göstərməmiş, əksinə həmin şəxslərin ərazidə ov etmələrinə şərait yaratmışdır.
Qeyd olunanları nəzərə alaraq, əmək müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədiklərinə və əmək vəzifəsini kobud şəkildə pozduqlarına görə 15 fevral 2011-ci il tarixli əmrlə “Sarı-su” Ovçuluq Təsərrüfatının sahə müfəttişi Ə. Mustafayevə sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin təsərrüfatın mühafizə yegeri Y.Abışova töhmət verilmiş, “Ağzıbir” Ovçuluq Təsərrüfatının sahə müfəttişi T.Acalov isə 17 fevral 2011-ci il tarixli əmrlə tutduğu vəzifədən azad olunmuşdur.
Qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.