Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilmişdir

03 Fevral 2011, 00:00

02 fevral 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilmişdir.
2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Kollegiya iclasında dörd məsələ - 2010-cu il -“Ekologiya ilində” görülmüş işlər və qarşıda duran vəzifələr, Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentlərinin və onların tabeli qurumlarının 2010-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
İclası açan Nazir H.Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühit və ekoloji tarazılığın qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin dövlət başçısı tərəfindən “Ekologiya ili” elan edilməsinin bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunə olduğunu qeyd etmişdir.
Daha sonra Nazir ölkə rəhbərinin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini və hazırda davam etdirildiyini bildirmişdir.
Həmçinin, iclasda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığı da qeyd olunmuşdur. Belə ki, ötən il “Ekologiya ili” çərçivəsində həyata keçirilən ağacəkmə kampaniyasında istər dövlət, istər özəl sektor, istərsə də əhalinin fəal iştirakı nəticəsində əvvəllər ölkədə görünməmiş miqdarda ağac əkininə nail olunmuş, təkcə Bakıda və Abşeron yarımadasında ölkə Prezidentinin çağırışından sonra 2,8 milyondan çox, ümumilikdə respublika ərazisində isə 8 milyondan artıq ağac və kol bitkisi əkilmişdir. Yalnız ağac əkilməsi ilə kifayətlənilməmiş, geniş və müasir suvarma şəbəkəsinin qurulması, ağaclara aqrotexniki qulluq sahəsində də böyük işlər görülmüşdür.
Kollegiya iclasında yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi və s. sahələrdə görülmüş tədbirlər barədə də məlumat verilmişdir. Belə ki, ötən il ərzində Kür-Araz boyu və digər yaşayış məntəqələrində 76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılmış, daha 29 yaşayış məntəqəsində isə işlər davam etdirilir.
Dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədilə tender keçirilmiş və qalib şirkət müəyyənləşdirilmişdir. Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.
Bildirilmişdir ki, Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 844 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 863 icrası məcburi olan göstəriş verilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 132, məhkəmələrə 143, məhkəmə icraçılarına 605 iş göndərilmişdir.
Qanunu pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq olunan cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması da iclasda təəssüflə qeyd olunmuşdur.
İclasda, həmçinin, Nazirliyin ətraf mühitin mühafizəsi üzrə bəzi regional şöbələrinin rəhbərlərinin vətəndaşlardan daxil olan məktub və müraciətlərə bəzən vaxtında cavab vermədikləri, qanun pozucularına qarşı tətbiq olunan cərimə və iddiaların ödətdirilməsinə ciddi yanaşmadıqları və ümumiyyətlə, vəzifə borclarına laqeyd münasibət göstərdikləri də qeyd edilmişdir.
Bundan əlavə, meşələrin artırılması sahəsində ötən il ərzində 10696 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3521 hektar sahədə meşə əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi məqsədilə 32328 hektar sahədə xidmət, 31944 hektar sahədə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 159452 kiloqram toxum və müəssisələr üzrə 38681 m3 həcmində oduncaq tədarük edildiyi qeyd edilmişdir.
İl ərzində, ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınmış, yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməmişdir.
Kollegiya iclasında meşələrin mühafizəsi və bərpası sahəsində görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlərdən də danışılmışdır.
Bəzi Meşə Mühafizəsi və Bərpası Müəssisələrində (MMBM) bitiş faizi orta respublika göstəricisindən yuxarı olsa da, bir neçə müəssisədə isə bu göstərici xeyli aşağı olmuşdur.
2010-cu il ərzində MMBM-lərdə aparılan yoxlamalar zamanı 245813 manat köküstə nırx dəyərində 34483 m3 həcmində 61637 ədəd ağacın qanunsuz kəsildiyi aktlaşdırılmışdır.
Keçən il ərzində meşələrin mühafizəsi sahəsində hüquq-mühafizə orqanlarına göndərilmiş 363 işdən cəmi 199 işə baxılması təmin edilmişdir.
2010-cu ilin sentyabr-oktyabr aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən bəzi yerlərdə meşələrin qırılması barədə daxil olmuş şikayətlərə əsasən Meşə Mühafizəsi və Bərpası Müəssisələrində kompleks yoxlamalar aparılmış və qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilmiş, 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilmişdir.
Bundan başqa, iclasda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirildiyi də vurğulanmışdır. Bunun nəticəsində, hazırda, ölkəmizdə ümumi sahəsi 890 026,2 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir və ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. Ötən ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilmişdir.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması istiqamətində artıq layihə üzrə master planın və texniki şərtlərin hazırlanması üzərində işlərin yekunlaşma mərhələsində olduğu da qeyd olunmuşdur.
İclasda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində artıq ceyranların tarixi areallarından olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdlərinin köçürüldüyü, 2010-cu ilin yayında Ağgöl Milli Parkında onların təbii artımının müşahidə olunduğu, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın ceyranların tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün (21 baş) buraxılması prosesini izlədikləri bildirilmişdir.
Qeyd olunmuşdur ki, xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 679 akt, 242 protokol tərtib edilmiş, təbiətə 65004,68 manat dəyərində ziyan hesablanmış, inzibati qaydada 164381 manat cərimə tətbiq edilmiş, 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına (polis şöbələrinə), 84 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilmişdir.
Bütün bunlarla yanaşı, iclasda 2010-cu ildə ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətlər, görülmüş müsbət işlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu da qeyd olunmuşdur.
Belə ki, nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilmiş, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin, Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Milli Parkların rəhbərləri tutduqları vəzifədən azad olunmuş, bir neçə rəhbər işçilərə töhmət elan olunmuş, xəbərdarlıq edilmiş, vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılmışdır.
Sonda, növbəti illər üçün prioritetlər müəyyənləşdirilmiş, Abşeron yarımadasında neft məhsulları və digər zərərli maddələrlə çirklənmiş ərazilərin bərpası və yeni yaşıllıqların salınması, avtomobil yolları boyu ətraf ərazilərin yaşıllaşdırılması, təmizlənmiş tullantı sularından yaşıllıqların suvarılmasında təkrar istifadə, regionların ekoloji cəhətdən içməli su ilə təminatı, Xəzər dənizinin çirklənmədən qorunması, tullantıların idarə olunması, dəniz suyunun duzsuzlaşdırılması və alternativ enerji mənbələrindən istifadə növbəti prioritet hədəf kimi götürülmüşdür.