Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Gəncə şəhərində vətəndaşların qəbulunu keçirib

15 Noyabr 2013, 00:00

15 noyabr 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında Gəncə şəhərinin, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarının vəndaşları ilə görüşüb.
Nazirliyin məsul işçilərinin iştirak etdiyi görüşdə 50-ə yaxın vətəndaşın fikir və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.