Xəbərlər

Araşdırma, məktub və fotoşəkillərin qərəzli xarakter daşıdığını müəyyən etdi

18 Oktyabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçtuna 07 oktyabr 2010-cu il tarixində Ramiz Xəlilov adlı vətəndaşdan Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində 30 sentyabr 2010-cu il tarixdə tranzit yolda qəzaya uğramış maşın vasitəsilə “guya” qanunsuz kəsilmiş ağac materialının daşınması barədə məktub və fotoşəkillər daxil olmuşdur.
Zaqatala Dövlət Təbiət Qoruğundan verilən məlumata görə, “URAL” markalı maşının törətdiyi qəza hadisəsi Zaqatala Dövlət Təbiət Qoruğunun deyil, eyni adlı Yasaqlığın “Axkimal” adlanan sahəsinin 1 saylı dolayının 115-ci kvartalında, geoloji kəşfiyyat işləri aparılan əraziyə gedən yolda baş vermişdir.
Zaqatala Dövlət Yasaqlığının ərazisində qanunsuz ağac kəsilməsi və daşınması ehtimalının olduğunu yoxlamaq məqsədilə Nazirlik tərəfindən Komissiya yaradılmış və yerində araşdırma aparılmışdır.
Komissiyanın araşdırmasında iştirak etmək və məktubda qeyd etdiyi, eyni zamanda fotoşəkillərdə göstərdiyi (guya ağac kəsintisi olan) əraziləri Komissiya üzvlərinə göstərmək üçün R.Xəlilovun elektron poçt ünvanına məktub göndərilmiş, lakin dəvət cavabsız qalmışdır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, qoruqlardan fərqli olaraq yasaqlıq ərazisində bir sıra fəaliyyətlərə icazə verilir. Həmin ərazidəki yol da istifadəyə açıqdır və bu yol əhalinin yay-otlaq sahələrinə getməsi üçün tranzit yol kimi istifadə olunur.
Komissiya tərəfindən hadisə baş verən ərazidə meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılan zaman meşə sahəsində qanunsuz qırıntı faktı aşkar olunmamışdır. Lakin qəza zamanı 45-50 dərəcəli maillikdə 120-130 metr məsafə boyunca maşının aşması nəticəsində 8 ədəd müxtəlif cinsli ağacların zədələnməsi müəyyən edilmişdir. Baş vermiş qəza ilə bağlı Balakən rayon polis şöbəsində cinayət işi açılmış və istintaq aparılır.
Balakən rayon polis şöbəsi fotoşəkillərdə göstərilən odunla yüklü avtomaşının “ZIL-131” markalı, qəzaya düşən avtomaşının isə “URAL” markalı olduğunu Komissiyaya bildirmişdir.
Aparılan araşdırmalar məktub və şəkillərin qəza hadisəsi ilə heç bir əlaqəsi olmadığını göstərir və ehtimal etmək olar ki, bu məktub qərəzli xarakter daşıyıb.