Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Komissiya yaradılmışdır

11 Oktyabr 2010, 00:00

30 sentyabr 2010-cu il tarixində gecə saat 12 radələrində Zaqatala Dövlət Yasaqlığının Axkimal sahəsinin 1 saylı dolayının 115-ci kvartalından keçən tranzit yolda yük maşını aşmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğundan verilən məlumata görə, həmin ərazidən geoloji kəşfiyyat işlərinin aparılması üçün istifadəyə icazə verilib. Eyni zamanda, bu yol əhalinin yay-otlaq sahələrinə getməsi üçün tranzit yol kimi də istifadə olunur.
Nazirliyin elektron poçt ünvanına qəzaya uğramış maşın vasitəsilə guya qanunsuz kəsilmiş ağac materialının daşınması barədə məktub daxil olmuşdur.
Zaqatala Dövlət Yasaqlığının ərazisində qanunsuz agac kəsilməsi və daşınması ehtimalının olduğunu yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Komissiya yaradılmışdır. Komissiyanın apardığı araşdırmaların ilkin nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.