Xəbərlər

Media nümayəndələri Xıllı Nərə Balıqartırma zavodunda olmuşlar

01 Oktyabr 2010, 00:00

30 sentyabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavodunda olmuşlar.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən zavoddan Xəzər dənizinə indiyədək 41 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb ki, onlardan 1 milyon 500 min ədədi bu ilin payına düşür.
15 hektar ərazini əhatə edən, inkubasiya, dairəvi hovuzlar, elektron sexlərin fəaliyyət göstərdiyi zavodun illik istehsal gücü ildə 15 milyon ədəd balıq körpələrinə bərabərdir. Kür çayından sudurulducu qurğular vasitəsilə əldə olunan sularda 150-200 qramdan 10 kiloqrama qədər balıq böyüdülür.
Jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqların saxlanılması, artırılması və ümumilikdə, zavodun fəaliyyəti ilə bağlı geniş məlumat verildi, həmçinin, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırıldı.
Media nümayəndələri zavodun fəaliyyəti ilə əyani surətdə yaxından tanış oldular.