Xəbərlər

Qətər Dövlətinin Ətraf Mühit Naziri cənab Abdulla bin Mübarək bin Abud əl-Mədadinin Azərbaycana səfəri davam edir

30 Sentyabr 2010, 00:00

30 sentyabr 2010-cu il tarixdə saat 10:30 ”“ 12:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanda səfərdə olan Qətər Dövlətinin Ətraf Mühit Naziri cənab Abdulla bin Mübarək bin Abud əl-Mədadinin başçılıq etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla görüşmüşlər.
Görüş zamanı ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər barədə Qətərin Ətraf Mühit Nazirinə ətraflı məlumat verilmişdir. Daha sonra görüşdə iki ölkə arasında ətraf mühit sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuş, bu əməkdaşlığın intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikası ilə Qətər dövləti arasında ətraf mühit sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanaraq imzalanması təklif olunmuşdur.
İki ölkə arasında ətraf mühit sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə İşçi Qrup yaradılmışdır. Qətər tərəfindən Ətraf Mühit Nazirinin dəftərxanasının rəhbəri Həsən Xamis əl-Nuaymi və Azərbaycan tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri R.Səttar-zadə İşçi Qrupun rəhbərləri təyin olunmuşlar.
İşçi Qrupuna tarixən iki ölkədə məskunlaşmış, sonralar ölkələrin birində kökü kəsilmiş fauna növlərinin qarşılıqlı olaraq bir ölkədən digərinə introduksiya olunması, nadir quşların sayının artırılaraq vəhşi təbiətə buraxılması üçün xüsusi ərazilərin ayrılması istiqamətində iş aparılması tapşırılmışdır.
Saat 12:00-da Qətər Dövlətinin Ətraf Mühit Naziri cənab Abdulla bin Mübarək bin Abud əl-Mədadi Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma Sərgisində olmuş və burada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüşmüşdür.
Bundan sonra cənab Abdulla bin Mübarək bin Abud əl-Mədadi Respublikanın aran rayonlarına səyahət etmişdir.