Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində ekspedisiya keçirilmişdir
26 Avqust 2010, 00:00
15-18 avqust 2010-cu il tarixlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yerləşən və dünyanın ən yüksək hidrometeoroloji elmi mərkəzlərindən biri olan Şahdağ Yüksək Dağlıq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə ekspedisiya təşkil etmişlər.
Ekspedisiya dövründə Mərkəzin əməkdaşlarına müasir cihazlarla işləmək prinsipi və təlimatlara uyğun meteoroloji, hidroloji, qlyasioloji müşahidələrin aparılması üçün metodiki yardım göstərilmişdir.
Ekspedisiya üzvləri yüksək dağlıq ərazilərin iqlim-hava şəraiti üzərində müşahidələrin təşkili və aparılmasını, iqlimin dəyişmə dinamikasını, iqlim-hava şəraitini öyrənmişlər.
Mütəxəssislər eyni zamanda, yüksək dağlıq ərazilərdə qar-buz örtüyü üzərində hidroloji, qlyasioloji, meteoroloji müşahidələrin aparılma metodikası və müşahidə nəticələrinin işlənilməsinə dair lazımi təlimatların verilməsini, müasir iqlim dəyişmələri fonunda qar-buz örtüyünün dəyişmə dinamikasını tədqiq etmişlər.
Ekspedisiya zamanı mütəxəssislər həmçinin, ərazi çaylarında axının formalaşması, rejim xüsusiyyətlərinin öyrənilməsi, çay-su ehtiyatlarının və çayların qidalanmasında buzlaqların rolunun qiymətləndirilməsi üzərində tədqiqat işləri apararaq lazımi elmi nəticələr əldə etmişlər.
Əldə olunan hidrometeoroloji məlumatlardan Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun elmi işlərində istifadə olunacaq və anoloji ekspedisiyalar İnstitutunun mütəxəssisləri tərədindən gələcəkdə də davam etdiriləcəkdir.