Xəbərlər

Kollegiya iclası keçirilmişdir

26 Avqust 2010, 00:00

25 avqust 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilmişdir.
Kollegiya iclasında 2010-cu ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Kollegiyada çıxış edən Nazir H.Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühit və ekoloji tarazılığın qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin dövlət başçısı tərəfindən “Ekologiya ili” elan edilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunə olduğunu qeyd etmişdir.
Daha sonra Nazir Azərbaycan Respublikası Prezidentinin 21 may 2010-cu il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” sərəncamına müvafiq olaraq ətraf mühitin qorunmasındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş Nazirliyin bir sıra əməkdaşlarına medallar təqdim etmişdir.
Kollegiya iclasında 3 məsələ: Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentlərinin və onların tabeli qurumları üzrə 2010-cu ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələr müzakirəyə çıxarılmışdır.
Bildirilmişdir ki, Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin ötən 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1204 akt və 397 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 497 icrası məcburi olan göstərişlər verilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 65 işdən 17-nə, Məhkəmələrə göndərilmiş 109 işdən 21-nə, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 249 işdən 30-na baxılaraq müvafiq tədbir görülmüşdür.
Meşələrin artırılması sahəsində cari ilin 6 ayı ərzində 1371 hektar sahədə meşə əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi məqsədilə 14459 hektar sahədə xidmət, 11970 hektar sahədə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 10099 kiloqram toxum tədarük edildiyi qeyd olunmuşdur.
Eyni zamanda, qeyd olunan dövr ərzində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilmişdir.
Belə ki, Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərdə Dövlət Təbiət Yasaqlığının yaradılması ilə bağlı işlər aparılır, Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” Proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkı layihəsi ilə əlaqədar tender vasitəsilə icraçı şirkət müəyyən edilərək fəaliyyətə başlanılmışdır.
Bunlardan əlavə, ölkə ərazisində ilk dəfə olaraq ceyranların tarixi ərazilərinə reintroduksiya edilməsi məqsədilə layihə ilə əlaqədar təşkilati işlərin başa çatdırıldığı və ilin sonuna qədər ceyranların bir hissəsinin reintroduksiya ərazilərinə köçürülməsinin planlaşdırıldığı kollegiya iştirakçılarının nəzərinə çatdırılmışdır.
İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlərdən danışılmış, həmçinin nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilmiş, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.