Xəbərlər

Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə Avtomat Meteoroloji Stansiya istifadəyə verilmişdir

19 Avqust 2010, 00:00

17 avqust 2010-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən MDB ölkələri arasında ən yüksək nöqtədə-Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiya istifadəyə verilmişdir.
Bununla da, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi üçün nəzərdə tutulan 3-cü, sonuncu stansiya işə salınmışdır.
Xatırladaq ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə 2700 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur.
Bu stansiyalar Bazardüzü, Şahdağ və Tufandağ ekosisteminin kompleks elmi-tədqiqinə xidmət edəcəkdir.
Qeyd edək ki, Azərbaycan ərazisində ən böyük aktiv buzlaqlar Tufandağın zirvəsinə yaxın yerləşir.
Məlumdur ki, buzlaqlar qlobal iqlim dəyişmələrinin indikatorudur. Qlobal istiləşmə ilə əlaqədar olaraq bütün dünyada buzlaqların sahəsi azalmaqdadır. Azərbaycan Respublikası ərazisində də bu stansiyaların köməkliyi ilə buzlaqlar və meteoroloji şəraitin müşahidələri əsasında qlobal iqlim dəyişmələrinin təzahürünü izləmək mümkün olacaq. Bu da ölkəmizin qlobal iqlim dəyişmələrinin öyrənilməsinə öz töhvəsidir.