Xəbərlər

Yanğın hadisəsi baş vermişdir

14 Avqust 2010, 00:00

Son günlər Respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğın baş vermə təhlükəsi artmışdır. Bu təhlukənin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları bütün səylərini birləşdirməklə yerli müəssisələrdə zəruri avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil etmişdir.
Əhali arasında mütəmadi olaraq fermer və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılır və zəruri profilaktik tədbirlər görülməsi davam etdirilir. Lakin vətəndaşlıq borcunu başa düşməyən bəzi şəxslər və torpaq mülkiyyətçiləri bu vacib məsələyə biganə qalmaqla yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər. Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsidir ki, 13 avqust 2010-cu il tarixdə saat 17:00 radələrində Şahdağ Milli Parkının Qəbələ rayonundakı meşə ərazisində yanğın hadisəsi baş vermişdir.
Yanğının baş vermə səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan yeniyetmə gənclərin ehtiyatsızlığından baş verdiyi ehtimal olunur. Yanğın 4 hektar ərazini əhatə etmişdir.
Yanğının söndürülməsi üçün ETSN-nin yerli qurumlarının əməkdaşları, FHN-nin Şamaxıda yerləşən hərbi hissəsinin əsgərləri, Qəbələ rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları fəal iştirak etmiş və gecə saatlarında yanğının güclü alovlanmasının qarşısı alınmışdır. Yanğının əhatə etdiyi sahənin genişlənməməsi üçün ərazi tam nəzarətə götürülmüş və bu sahədə ciddi tədbirlər görülür.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri də cəlb olunmuşdur. Yanğının baş verdiyi ərazi seyrək meşəlik, əsasən kol-koslu qayalıq ərazi olduğundan, ilkin ehtimala görə meşəyə ciddi ziyan dəyməmişdir. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.
Bundan başqa, 11avqust 2010-cu il tarixdə saat 14:30 radələrində Quba rayonunun Aşağı Xuc bələdiyyəsinin ərazisində torpaq mülkiyyətçiləri tərəfindən “Yanğın Təlükəsizliyi Haqqında Qanun”un tələbləri pozularaq taxıl biçilmiş sahələrin kövşənləri yandırılmışdır. Küləkli hava şərati yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirmiş və yanğın Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2,5 hektar meşə fonduna keçmişdir.
Yanğın ETSN-nin yerli qurumlarının və FHN ”“in Quba, Qusar və Şabran rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyləri nəticəsində saat 19:00 radələrində operativ qaydada söndürülmüşdür. Meşə fonduna ciddi ziyan dəyməmiş, torpaq səthində olan quru otlar və yarpaqlar yanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.