Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yanğınların qarşısının alınması məqsədilə zəruri profilaktik və qabaqlayıcı tədbirlər görülür

13 Avqust 2010, 00:00

Havaların həddindən artıq isti və quraq keçməsi, habelə bəzi vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində Respublikamızda bir sıra meşə yanğınları baş vermişdir.
Bunların qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlər görülür. Nazirliyin tabeçiliyində olan qurumlara ”“ Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə, Dövlət Təbiət Qoruqlarına və Milli Parkların rəhbərlərinə. yanğın təhlükəli dövr başa çatana kimi meşə ərazilərinə nəqliyyat vasitələrinin, kənar şəxslərin giriş-çıxışına müəyyən məhdudiyyət və qadağa qoyulması tapşırılmışdır. Ərazilərdə postlar qurulmuş, sutkalıq növbətçilik təşkil olunmuşdur. Meşələrin, təbiət ərazilərinin yanğından mühafizəsinə nəzarət gücləndirilmiş, bu işə digər dövlət qurumlarının və ictimaiyyətin qüvvələri cəlb edilmişdir.
Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi vətəndaşlar meşə fondunda yanğın təhlükəsizliyi ilə bağlı aparılan tədbirləri pozur, bəzən də həyata keçirilməsinə maneçilik törədirlər. Onlar meşəyə giriş-çıxışın, tonqal yandırmağın qadağan olunması barədə meşə mühafizə işçilərinin tələblərinə məhəl qoymur və müqavimət göstərirlər. Belə xoşagəlməz hadisələrə İsmayıllı, Lerik, Yalama, Göy-göl, Şəki və digər rayonların meşə ərazilərində təsadüf olunmuşdur. Qanun pozuntuluğu barədə müvafiq aktlar tərtib edilmiş, əksər yerlərdə vətəndaşlar meşə mühafizə işçilərinə müqavimət göstərərək ərazini tərk etmək istəməmələri səbəbindən onlar inzibati üsullarla ərazidən uzaqlaşdırılmışdır.
Meşə ərazilərinə nəqliyyat vasitələrinin və kənar şəxslərin giriş ”“ çıxışına məhdudiyyət qoyulması barədə Nazirliyin tapşırıqlarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə Şəki və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin rəhbərləri barəsində intizam tənbehi tədbirləri görülmüşdür.
Təbiəti qorumaq hər birimizin borcudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümüdvar olduğunu bildirir ki, xalqımız, vətəndaşlarımız, geniş ictimaiyyət meşələri qorumaq üçün bütün qüvvələri səfərbər edəcəkdir.