Xəbərlər

Quba rayonu ərazisində meşə sahəsi deyil, bələdiyyəyə məxsus bağ və əkin sahələri yanmışdır

04 Avqust 2010, 00:00

03 avqust 2010-cu il tarixdə saat 15:00 radələrində Quba rayonunun Talabıqışlaq bələdiyyəsinin Küçeyi kəndi ərazisində yanğın hadisəsi baş vermişdir.
Yanğın torpaq mülkiyyətçilərinə məxsus taxılı biçilmiş kövşənlik və bələdiyyə fonduna aid 25 hektar quru ot və kol-kos sahələrini əhatə etmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Quba və Şabran rayonlarının dövlət yanğından mühafizə dəstələrinin, habelə yerli əhalinin səyləri nəticəsində yanğın operativ şəkildə söndürülmüş və onun yaxınlıqda olan meşəyə keçməsinin qarşısı tam alınmışdır.
Həmçinin, 03 avqust 2010-cu il tarixdə saat 19:30 radələrində daha bir yanğın hadisəsi Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində naməlum səbəbdən baş vermiş və 0,9 hektar ərazini əhatə etmişdir.
Yanğın ETSN-nin yerli qurumlarının və yerli sakinlərin köməkliyi ilə operativ şəkildə söndürülmüş və meşə fonduna ziyan dəyməmişdir.
Bəzi Kütləvi İnformasiya Vasitələrində Quba rayonu ərazisində 30 hektar meşə fondunun yanğına məruz qalması barədə yanlış məlumat verilmişdir. Halbuki, həmin ərazidə meşə sahəsi deyil, bələdiyyəyə məxsus bağ və əkin sahələri yanmışdır.