Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (İyul ayının II ongünlüyü üçün)

27 İyul 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 76 m3/san azalaraq 158 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayı və onun qollarında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 189 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə YVQH keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,46-6,57 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.