Xəbərlər

Avropa ölkələrinin bioloji müxtəlifliklə bağlı məsələləri Azərbaycanda müzakirə ediləcək

02 İyul 2010, 00:00

5-7 iyul 2010-cu il tarixlərində Qəbələ rayonunun “Qafqaz Resort” mehmanxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə konfrans keçiriləcək.
5-6 iyul tarixlərində “Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması” mövzusunda ekspertlər səviyyəsində keçiriləcək seminarda 4 sessiya-Şərqi Avropa və Mərkəzi Asiyada biomüxtəliflik; Şərqi Avropa və Mərkəzi Asiya regionlarında biomüxtəlifliyin qorunması; Ekosistemlərin və biomüxtəlifliyin iqtisadiyyatı; Regional və milli səviyyədə biomüxtəliflik üzrə fəaliyyətin planlaşdırılmasına aid müzakirələr aparılacaq.
7 iyul tarixində isə “Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda konfrans keçiriləcək.
“Yaşıl iqtisadiyyat, ekosistemlərin iqtisadiyyatı və biomüxtəliflik”, “Ətraf icmalarda ərazilərin qorunması, ekoloji şəbəkənin yaradılması və yoxsulluğun azaldılması”, “Biomüxtəliflik Konvensiyasının 2010-cu il biomüxtəliflik üzrə məqsədləri və strateji planı: Avropa regionu üzrə prioritetlər” mövzularında dəyirmi masalardan ibarət müzakirələr keçiriləcək.
Xatırladaq ki, keçiriləcək görüşlərin məqsədi 2010-cu il sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasına Avropa regionunun töhfəsinin verilməsidir.