Xəbərlər

ETSN əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır

12 İyun 2010, 00:00

2010”“cu il 11 iyun tarixində Bakı-Quba yolunun 63-cü kilometrliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Giləzi Meşəsalma Müəssisəsinin Yeni Yaşma meşə sahəsində yanğın hadisəsi baş vermişdir.
Yanğının baş verməsinə səbəb Şirvan 14 saylı dəmiryol təmiri briqadası işçilərinin laqeydliyi və məsuliyyətsizliyi olmuşdur. Belə ki, dəmir yolunun Stalçay ərazisinin işçiləri yolun kənarını qurumuş otlardan təmizləmək məqsədilə onlara od vurmuş və nəticədə quru otların yanma ərazisi genişlənərək meşə fonduna keçmişdir.
Yanğın qısa müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının, habelə hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşlarının operativ səyləri nəticəsində söndürülmüşdür.
Meşə əkini sahəsinin 0,5 hektar ərazisini əhatə edən yanğın sürətlə yayıldığından ağacların yarpaqları ütülmüş, lakin ağaclara ciddi ziyan dəyməmişdir.
Yanğının törədilməsində təqsirkar olanlar barədə qanunamüvafiq qaydada sənədləşmə işləri aparılmış və təqsirkarlar İnzibati Xətalar Məcəlləsinin 92.1 maddəsinə əsasən vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.