Xəbərlər

BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye kütləvi ağacəkmə kompaniyasına qoşulacaq

02 İyun 2010, 00:00

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) 2010-cu ildə Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün İtaliyanın Genuya, İsveçrənin Cenevrə və Azərbaycanın Bakı şəhərlərini mərkəz şəhərlər elan etmişdir.
Hər il Ümumdünya Ətraf Mühit Günü müxtəlif formalarda-küçə mitinqləri, velosipedçilərin yürüşləri, “yaşıl” konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və başqa çoxsaylı tədbirlərlə qeyd olunur.
3 şəhərdən biri olan Bakıda isə Ümumdünya Ətraf Mühit Günü kütləvi ağacəkmə kompaniyası ilə yanaşı müxtəlif tədbirlərlə qeyd olunacaq.
Məlumat üçün bildiririk ki, Ümumdünya Ətraf Mühit Gününün qeyd olunması ilə əlaqədar BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye bu gecə Azərbaycana gələcək və 03 iyun 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev adına hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində keçiriləcək kütləvi ağacəkmə kompaniyasına qoşulacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət və Qeyri-Hökumət Təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin və Kütləvi İnformasiya Vasitələrinin, ümumilikdə 1000 nəfərdən çox əməkdaşının iştirakı ilə keçiriləcək bu kompaniyada, əsasən, zeytun, şam, sərv və tuya ağacları əkiləcək.
Tədbirdən sonra isə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.