Xəbərlər

Sabirabad rayonunun mərkəzində İsrail istehsalı olan ikinci modul sutəmizləyici qurğu istifadəyə verilmişdir

26 May 2010, 00:00

Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonunun əhalisinin içməli su təminatında yaranmış müvəqqəti çətinliklər Azərsu ASC tərəfindən tədricən aradan qaldırılır. Buna baxmayaraq, su təchizatı şəbəkəsi bərpa olunana qədər Sabirabad şəhəri və rayonun su basmış kəndlərinin əhalisini alternativ mənbədən təmiz su ilə təmin etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Sabirabad rayonunda içməli suya əlavə təlabatın olduğu müəyyən edildiyindən və bundan əvvəl istifadəyə verilmiş modul sutəmizləyici qurğuda növbə yarandığından ETSN tərəfindən təcili olaraq İsrail istehsalı olan daha bir modul tipli sutəmizləyici qurğu gətirilərək quraşdırılmışdır.
26 may 2010-cu il tarixdə Sabirabad şəhərində quraşdırılmış gündə 60 ton su təmizləmə gücünə malik növbəti modul tipli sutəmizləyici qurğuya Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qurğunun effektiv çalışdığı müəyyən edilmişdir.
Hazırda əhalinin istifadəsinə verilmiş sutəmizləyici qurğuların ikisi də fasiləsiz olaraq fəaliyyət göstərir. Sutəmizləyici qurğularda su normadan 5-10 dəfə artıq fenollardan, 2-5 dəfə artıq neft və neft məhsullarından, sintetik-səthi aktiv və asılı maddələrdən, ağır metallardan, digər spesifik çirkləndiricilərdən, o cümlədən insan sağlamlığı üçün təhlükəli olan bağırsaq çöplərindən təmizlənərək Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılır. Təmizlənmiş su çənlərə toplanır və rayon əhalisi tərəfindən istifadə olunur, eyni zamanda maşınlarla uşaq baxçalarına, məktəblərə və düşərgələrə daşınır.