Xəbərlər

Bakı Avropanın üç şəhərindən biri oldu

24 May 2010, 00:00

Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir.
Bu il İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilmişdir.
Ölkəmizin paytaxtının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük önəm verməsindən irəli gəlir.
Qeyd edək ki, 5 iyun “Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilmişdir. Eyni zamanda, Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır ki, hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdirlər.
Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.
Ümumdünya Ətraf Mühit günü müxtəlif formalarda-küçə mitinqləri, velosipedçilərin yürüşləri, “yaşıl” konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və başqa çoxsaylı tədbirlərlə qeyd olunur.
“Çoxlu növlər, bir planet, bir gələcək” devizi altında həyata keçiriləcək builki Dünya Ətraf Mühit Günü ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması ilə yanaşı bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını da nəzərdə tutur.