Xəbərlər

“Ekologiya ili” çərçivəsində Bakı Dövlət Universitetində görüş keçirilib

13 May 2010, 00:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji maarifləndirmə istiqamətində müəyyən tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq 13 may 2010-cu il tarixində Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə Nazirliyin mütəxəssislərinin görüşü keçirilmişdir.
“Ekologiya ili” çərçivəsində keçirilən görüşdə çıxış edən BDU-nun coğrafiya fakültəsinin dekanı M. Müseyibov ekoloji proseslərin idarə olunmasında kadr hazırlığının mühüm rol oynadığını və buna görə də universitetin təbiət elmləri üzrə fakültələrində təhsil alan tələbələr üçün belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən müəllim və tələbələrə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmişdir. Nazirliyinn əməkdaşları çıxışlarında “Ekologiya ili” çərçivəsində müxtəlif təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata keçirildiyini və ekoloji problemlərin həlli üçün dövlət orqanları ilə yanaşı, hər bir vətəndaşın da səy göstərməli olduğunu bildirmişlər.
Tədbirin sonunda Nazirliyin mütəxəssisləri ətraf mühitin mühafizəsi və ekoloji məsələlərlə bağlı universitet tələbələrini maraqlandıran sualları cavablandırmışlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ekologiya ili” çərçivəsində əhalinin ekoloji cəhətdən maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.