Xəbərlər

Ağ-göl Milli Parkında yoxlamalar aparılmışdır

12 Fevral 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağ-göl Milli Parkında “Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri haqqında” Azərbaycan Respublikası qanununun tələblərinin kobud sürətdə pozulması ilə bağlı daxil olmuş şikayətlə əlaqədar 2010-cu il 31 yanvar tarixində Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdır.
Aparılan araşdırma zamanı Ağ-göl Milli Parkının ərazisində brakonyerliklə məşğul olan şəxslər müəyyənləşdirilmiş və ərazidən 2 ədəd ov silahı, 1 ədəd qadağan olunmuş balıq ovunda istifadə olunan xüsusi hazırlanmış elektrik gücləndirici cihaz, 1 ədəd elektrik naqilli domça, 1 ədəd projektor, 1 ədəd balıq ovunda istifadə olunan vintel aşkar edilərək götürülmüşdür.
Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiklərinə, hüquqlarından sui istifadə etdiklərinə, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiklərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 fevral 2010-cu il tarixli 069/ü saylı Əmri ilə Ağ-göl Milli Parkının direktoru Ə.Rəfiyev, sahə müfəttişləri M.Hüseynov, A.Hüseynov, S.Mirzəyev, mühafizə yegerləri Ş.Cabbarov, B.Xəlilov və T.Ağayev tutduqları vəzifədən azad edilmiş, mühafizə üzrə direktor müavini V.Mirzəyevə isə töhmət verilmişdir.