Xəbərlər

Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət

26 Aprel 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə aprel ayının 23-də gün ərzində, 23-dən 24-nə keçən gecə və səhər yağan leysan yağışları nəticəsində Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ bölgəsinin Şinçay, Kişçay, Talaçay, Balakənçay, Baş Daşağılçay, Dəhnəçay, Küngütçay, Dəmiraparançay, Turyançay, Bumçay çaylarından qısamüddətli daşqınlar keçmişdir.
Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda, Gürcüstan ərazisndə Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışları nəticəsində müvafiq olaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 95 sm artaraq su sərfi 399 m3/san (ongünlük normanın 224 %-i), Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 61 sm artaraq su sərfi 1000 m3/san (ongünlük normanın 140 %-i) təşkil etmişdir.
Lənkəran-Astara bölgəsinin bir sıra çaylarında suyun səviyyəsinin 64-92 sm artımı qeydə alınmışdır.

Yaxın günlərdə gözlənilən sululuq

Aprelin 26-dək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımının davam edəcəyi, yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı və bununla əlaqədar bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Kür çayının aşağı axınında səviyyənin artımı gözlənilir.