Xəbərlər

“Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi üzrə jurnalistlər arasında keçirilən müsabiqəyə əlavələr edilmişdir

23 Aprel 2010, 00:00

Azərbaycan Respublikası Prezidentinin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar ölkədə geniş miqyaslı tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülmüş işlərin ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə təsisçiliyi ilə “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi üzrə jurnalistlər arasında müsabiqə elan edilmişdir.
Çoxsaylı jurnalistlərin müraciətlərini nəzərə alaraq müsabiqədə qalib gəlmiş şəxslərə təqdim olunacaq mükafatların məbləğləri təsisçilər tərəfindən artırılmışdır.
Beləliklə, birinci yerin qalibi 1000 manat (min manat), ikinci yerin qalibi 800 manat (səkkiz yüz manat), üçüncü yerin qalibi 600 manat ( altı yüz manat) məbləğində mükafatlandırılacaqdır. Həmçinin daha 10 qalibə həvəsləndirici mükafatlar təqdim ediləcəkdir.
Eyni zamanda müsabiqənin mövzuları sırasına “Ekstremal vəziyyətdə jurnalistin rolu” mövzusu da əlavə edilmişdir.